.png)
“Sevgi ilə Stomatoloji Dayaq” layihəsi, 2017-ci ildən etibarən Dt. Rafael Paşayevin təşəbbüsü ilə fəaliyyətə başlayıb və məqsədi aztəminatlı ailələrə, əlillik dərəcəsi olan qazilərimizə və şəhid ailələrinə təmənnasız şəkildə könüllü stomatoloji xidmətlər göstərməkdir. Layihə, ehtiyaclı insanlara ağız və diş sağlamlığını təmin etmək məqsədilə müxtəlif stomatoloji peşəkarlar və şirkətlərin könüllü dəstəyi ilə həyata keçirilir.
Layihənin əsasını təşkil edən stomatoloji şirkətlər, stomatoloqlar və diş texnikləri, öz xidmətlərini heç bir maddi gözlənti olmadan təqdim edərək bu humanitar fəaliyyətə töhfə verirlər. Bununla yanaşı, layihənin effektiv və düzgün idarə olunmasını təmin edən ofis komandası da fəaliyyətin yüksək keyfiyyətlə icra edilməsinə zəmanət verir. Layihə çərçivəsində könüllü olaraq iştirak edən peşəkarlar, öz ixtisas və təcrübələrini ehtiyacı olan insanlara təqdim etməklə, sosial məsuliyyətlərini yerinə yetirir və xeyriyyə fəaliyyətinin daha geniş əhatə dairəsinə çatmasına dəstək olurlar.
Bu əməkdaşlıq nəticəsində aztəminatlı ailələrə, əlillik dərəcəsi olan qazilərə və şəhid ailələrinə təmənnasız stomatoloji xidmətlərin göstərilməsi təmin olunur, beləliklə, hər kəsin sağlam ağız və dişlərə sahib olması mümkün olur. Layihənin yüksək keyfiyyəti və müsbət nəticələri, könüllülərin və peşəkarların birgə əməkdaşlığı sayəsində əldə edilir və bu, cəmiyyətdə sağlamlıq və rifah sahəsində daha böyük dəyişikliklərə səbəb olur.
Biz, cəmiyyətə fayda gətirmək və ehtiyacı olanlara dəstək olmaq üçün könüllü olaraq bir araya gələn, stomatoloji xidmətləri təmənnasız və güzəştli qiymətlərlə təqdim edən peşəkar bir komanda olaraq fəaliyyət göstəririk. Həkim stomatoloqlar, diş texnikləri, stomatoloji firmalar və şirkətlərdən ibarət olan bu layihə, aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə stomatoloji xidmətlər təqdim edərək, həm insanlıq, həm də vətəndaşlıq borcumuzu yerinə yetiririk. Bizim əsas məqsədimiz, sağlamlıq xidmətlərinə ehtiyacı olanlara yardım etmək və cəmiyyətin rifahına töhfə verməkdir.


“Dayaq Xeyriyyə” məhsulu olan “Sevgi ilə” layihəmiz təmənnasız stomatoloji xidmətlər alan pasiyentlərlə, təmmənasız stomatoloji xidmət verənlər arasındakı koordinasiyanı təmin edir. Biz paralel olaraq həm pasiyentlərin, həm də könüllü stomatoloq həkim və diş texniklərinin bazasını formalaşdırırıq. Stomatoloji xidmətlərə ehtiyacı olan pasiyentlər kateqoriyasından asılı olaraq “Dayaq Xeyriyyə”dən və ya “Yaşat” Fondundan bizə yönləndirilir. Yəni qayğıya ehtiyacı olan ehtiyaclı ailələr “Dayaq Xeyriyyə” tərəfindən verifikasiya olunduqdan sonra, şəhid ailələri və qazilərin müraciətləri isə “Yaşat” Fondu tərəfindən təsdiqləndikdən sonra layihədəki xidmətlərdən yararlanmaq üçün yönləndirilir. Stomatologiyanın müxtəlif sahələrinə müvafiq olaraq müraciət edən pasiyentlərin sorğuları əməkdaşlarımız tərəfindən qiymətləndirildikdən sonra uyğun könüllü stomatoloqa istiqamətləndirilir. Əgər görüləcək xidmət zamanı diş texniki xidmətlərindən də istifadəyə ehtiyac olarsa, həmin stomatoloq ilə könüllü diş texnikimiz arasındakı koordinasiyanı da biz təmin edirik. Hər bir pasiyentə stomatoloji xidmət göstərildikdən və iş yekunlaşdıqdan sonra görülən iş təsdiqedici sənədlərlə, müvafiq media materialları ilə doğrulanır, müvafiq bazara uyğun olaraq qiymətləndirilir, tərəfimizdən qeydə alınır və arxivləşdirilir.